Kitab oxumağın faydalarını hər birimiz çox yaxşı bilirik. Təbii, hər kəsin maraq dairəsinə aid olan kitablar var. Oxumaq, öyrənmək çox önəmlidir. Artıq elə bir dövrdə yaşayırıq ki, informasiya əldə etmək çox asandır. Həmçinin, asan olduğu qədər də sağlam informasiya əldə etmək o qədər də çətindir. Bütün dövrlərdə kitablar ən yaxşı informasiya mənbəyi rolunu oynamışdır. Bizim cəmiyyətimizdə də kitab oxumaq hər zaman təqdir və təşviq olunmuşdur.
Bilgi gücdür desək yanılmarıq. Hələ-hələ o bilginin insanın inkişafında, cəmiyyətin gələcəyinin sağlam təməllər üzərində inşa olunmasında əvəz edilməz rolu varsa... Hər kəsə məlumdur ki, bilgi və bacarıqların formalaşmasında təhsil xüsusi rol oynayır. Bu baxımdan həyatımızın bir parçasına çevrilmiş təhsil prosesi barədə yazılmış kitabları, araşdırmaları, məqalələri oxumaq çox önəmlidir.
Bu gün Sizə dünyaca məhşur təhsil araşdırmaçısı Ken Robinsonun “Siz, övladınız və məktəb” adlı kitabı barədə məlumat vermək istəyirəm. Müəllif bu kitabı əksər kitablarında olduğu kimi Lou Aronika ilə birgə yazmışdır. Yazar qələmə aldığı bu kitabda sanki valideynlərlə təhsil barəsində səmimi söhbətlər edirmişcəsinə öz fikirlərini, araşdırmalarını, təcrübələrini paylaşır. O qeyd edir ki, təhsil bütün valideynləri narahat edən bir məsələdir. Yazar müasir dövrümüzdə təhsili minalanmış əraziyə bənzədir və vurğulayır ki, bu ərazidə atılacaq yanlış addım həyat bahasına başa gələ bilər...
Müəllif kitabda təhsilin özündə xeyli məsələni ehtiva etdiyini qeyd edir. Uşaqlarımızın həyatlarını daha səmərəli keçirmələri üçün təhsili əsas vasitə olaraq görür. O təhsilin bütün pillələrinin insanın inkişafında, gələcəyinin, karyerasının formalaşmasında rolu olduğunu qeyd edir. Həmçinin, müəllif bu kitabında xüsusilə məktəb dövründən bəhs edərək vurğulayır ki, Sizin övladınızın məktəb dövrü Sizin keçirdiyiniz məktəb dövründən fərqlənir. Yəni bu iki dövr arasında ciddi fərqlər var və Siz bu fərqləri gözardı edə bilməzsiniz...
Müəllif kitabda öyrənmə prosesindən, müxtəlif proqramlardan, müəllimin öyrənmədəki rolundan, test və digər qiymətləndirmə vasitələrindən misallarla bəhs edir, öz fikir və düşüncələrini bölüşür. O həmçinin məktəb dövründə valideynlərin rolundan, övladlarını tanımalı olduqlarından, onların potensial və maraqlarını doğru müəyyən etməyin önəmindən bəhs edir.
Ken Robinson əsrimizdə informasiya texnologiyalarının, sosial şəbəkələrin və digər platformaların təhsildəki rolundan, həmçinin mühitin keyfiyyətə təsirindən geniş bəhs edir...
Beləliklə rahatlıqla demək olar ki, əgər Sizin övladınız məktəblidirsə bu kitabı oxumalısınız. Orijinalı ingiliscə olan bu kitab qərb cəmiyyətinin təhsil həyatını, həmin millətlərin təhsilə baxışını özündə ehtiva etsə də, həm türk dilində, həm də Azərbaycan dilində olan tərcümədən oxumağa dəyər bir kitabdır.